İsrail və ABŞ-nin İrana hücumlarından sonra təbii qazın topdansatış qiymətləri kəskin artıb. Bazar ertəsi günü Amsterdam birjasında bir aylıq təchizat üçün əsas TTF fyuçers müqaviləsinin qiyməti hər meqavat-saat üçün 39,85 avro səviyyəsinə çatıb.
"PostMedia" "Bild" nəşrinə istinadən xəbər verir ki, bu qiymət cümə gününə nisbətən təxminən 25% yüksəkdir və 2023-cü ilin avqustundan bəri ən böyük qiymət artımıdır.
İran Hormuz boğazında gəmiçilik əməliyyatlarını məhdudlaşdırıb ki, bu da qlobal enerji ticarətində əsas maneələrdən biridir.
Nəticədə, Avropada təbii qazın qiyməti hazırda sonuncu dəfə yanvarda olduğu səviyyədədir. Bazar müşahidəçiləri qiymətlərin daha da artma riski olduğunu bildirir və qarşıdurma uzandığı halda 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi zamanı olduğu kimi ssenarinin təkrarlanmasını istisna etmirlər. ABŞ-ın Goldman Sachs investisiya bankının analitikləri xəbərdarlıq edirlər ki, əgər Hormuz boğazında gəmiçilik bir aylıq dayandırılsa, Avropada qazın qiyməti iki dəfədən çox arta bilər.
