Gürcüstan Parlamentinin iclasında “Gürcüstanın Vergi Məcəlləsinə” dəyişikliklər layihəsi sürətləndirilmiş qaydada müzakirə olunaraq qəbul edilib. "PostMedia" yerli KİV-lərə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, minik avtomobilləri üçün aksiz vergisinin hesablanma qaydası dəyişdirilir. Layihə iclasda 74 deputatın dəstəyi ilə qəbul edilib, 10 deputat isə əleyhinə səs verib. Qanun layihəsinin 1 aprel tarixində ikinci və üçüncü oxunuşlarda da qəbul ediləcəyi gözlənilir.
Yeni qaydalara görə, 0–6 yaşlı avtomobillər üçün aksiz dərəcəsi mühərrikin hər 1 sm³ həcmi üçün 1,5 lari (0,95 manat), 6 ildən artıq yaşı olan avtomobillər üçün isə 1 sm³ üçün 4,5 lari (2,84 manat) müəyyən ediləcək.
Bununla yanaşı, Vergi Məcəlləsində avtomobillər üçün mövcud aksiz dərəcələrinin göstərildiyi ayrıca cədvəl ləğv olunur və onun yerinə əsas dərəcədən fərqlənən xüsusi dərəcələri müəyyən edən yeni maddələr əlavə edilir.
Qanun layihəsinə görə, hibrid avtomobillər üçün güzəşt saxlanılır və onlar əsas aksiz dərəcəsindən 60 % aşağı vergi ilə vergiyə cəlb olunacaq. Sağ sükanlı avtomobillər üçün isə aksiz dərəcəsi əsas tarifdən üç dəfə yüksək olacaq.
Keçid müddəalarına əsasən, 2026-cı il aprelin 1-dək Gürcüstana gətirilmiş avtomobillərə əvvəlki aksiz dərəcələri tətbiq olunacaq. Eyni qayda həmin tarixədək başqa ölkədən Gürcüstana gətirilməsi üçün daşınması başlanmış avtomobillərə də şamil ediləcək.
Əgər avtomobil quru nəqliyyatı ilə daşınırsa və ya öz hərəkəti ilə ölkəyə daxil olursa, köhnə aksiz dərəcələri yalnız 2026-cı il iyulun 1-dək Gürcüstan ərazisinə daxil olduğu halda qüvvədə qalacaq.
Yeni qanunun 2026-cı il aprelin 2-dən qüvvəyə minməsi planlaşdırılır.