Danimarka Fransa və Böyük Britaniyanın birgə yaratdığı beynəlxalq dəniz missiyasında iştirak edəcək. Məqsəd Hörmüz boğazının açıq saxlanılmasına töhfə verməkdir.
"PostMedia" xəbər verir ki, bu barədə AFP agentliyi Danimarka hökumətinin bəyanatına istinadən məlumat yayıb.
Danimarkanın müdafiə naziri Yeppe Bruus jurnalistlərə bildirib ki, ölkənin töhfəsinə tərcüməçilər qrupu, pilotsuz kəşfiyyat vasitələri, qərargah zabitləri, həmçinin kibertəhlükəsizlik üzrə mütəxəssislərin cəlb olunması imkanı daxil olacaq. O, şəxsi heyətin sayı barədə məlumat verməkdən imtina edib.
Danimarka parlamentinə təqdim olunan və həftənin sonunadək qəbul ediləcəyi gözlənilən qanun layihəsində qeyd olunur ki, missiyanın məqsədi “Hörmüz boğazında və Qırmızı dəniz bölgəsində dəniz təhlükəsizliyini gücləndirmək və gəmiçilik azadlığını təmin etməkdir”.
Kpler dəniz monitorinq şirkətinin məlumatına görə, bazar ertəsi boğazdan xammal yüklənmiş azı 37 gəmi keçib. Bu, ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasından təxminən bir həftə sonra, Yaxın Şərqdə münaqişənin başlanmasından bəri qeydə alınan rekord göstəricidir.
Fransa və Böyük Britaniya, eləcə də bir sıra digər ölkələr strateji dəniz marşrutunun minalardan təmizlənməsi və təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq missiya yaradılmasını təklif ediblər. Bu missiyanın ABŞ və İran arasında razılaşma əldə olunduqdan sonra yerləşdirilməsi nəzərdə tutulur.
Ötən həftə Vaşinqton və Tehran arasında imzalanan memorandum boğazın heç bir ödəniş alınmadan sərbəst gəmiçilik üçün açılmasını nəzərdə tutur.